Qran turizmo
- Yaş reytinqi: 16+
- Rejissor: Neill Blomkamp
- Ssenari müəllifi: Alex Tse, Jason Hall, Zach Baylin
- Video keyfiyyəti: UHD
- Televiziya kanalı: İctimai TV
"Qran turizmo" layihəsi nədən bəhs edir:
Kardiff şəhərində yaşayan Yann boş vaxtının böyük hissəsini Gran Turismo videooyununu oynamaqla keçirir. Vaxtilə futbolçu olmuş atası övladlarına idmana maraq aşılamağa çalışsa da, Yannın arzusu tamam başqadır: o, peşəkar avtomobil yarışçısı olmaq istəyir. Sevimli məşğuliyyətini davam etdirmək üçün geyim mağazasında işləyən gəncin həyatı Nissan şirkətinin marketinq mütəxəssisi Denni Murun iddialı layihəsi ilə dəyişir. Mur ən yaxşı Gran Turismo oyunçularına virtual yarışlardan real avtomobillərin sükanı arxasına keçmək və peşəkar avtoidmana qatılmaq imkanı verən “GT Akademiyası”nı yaratmağı təklif edir. Layihənin baş mühəndisi vəzifəsinə keçmiş yarışçı Cek Solter dəvət olunur. Britaniyanın ən güclü oyunçularından birinə çevrilən Yann virtual seçim mərhələsini uğurla keçir və akademiyaya qəbul olunur. Burada o, oyunda qazandığı bacarıqları həqiqi yarış traslarında tətbiq etməyi öyrənir və çətin sınaqlardan keçir. Akademiyanın final yarışında fotofinişlə qalib gələn Yann Nissan şirkətinin dəstəyini qazanmaq üçün daha bir neçə ciddi şərti yerinə yetirməlidir. O, GT1 seriyasının yarışlarından birində ən azı dördüncü yeri tutmalı və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) lisenziyasını almalıdır. Dubaydakı avtotrekdə keçirilən yarışda dördüncü yeri tutaraq məqsədinə çatan gənc peşəkar karyerasına başlayır. Lakin Nürburqrinqin Şimal döngəsindəki ilk yarışında baş verən qəza zamanı günahsız bir insan həyatını itirir. Günahkarlıq hissi ilə mübarizə aparan Yannın müəllimi Solter onu günahkar olmadığına inandırmağa çalışsa da, rəqib yarışçılar yaranmış vəziyyətdən istifadə edərək onun layihədən uzaqlaşdırılmasına nail olurlar. Həm Yannın nüfuzunu, həm də GT Akademiyasının gələcəyini xilas etmək istəyən Mur “Le-Manın 24 saatı” yarışına keçmiş akademiya iştirakçılarından ibarət komanda ilə qatılmaq qərarına gəlir. Yann qarşılaşdığı çətinlikləri aşmalı, özünəinamını bərpa etməli və həlledici anda güclü rəqibini geridə qoyaraq əsl yarışçı olduğunu sübut etməlidir.